Xəbərlər

Şuranın dəstəyi ilə hazırlanan “Yüksəlişin sirri” sənədli filmi “N” saylı hərbi hissədə nümayiş olunub

Oktyabrın 31-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində zabit və əsgərlər üçün “Yüksəlişin sirri” sənədli filmi nümayiş etdirilib.

Film “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanın Milli Qəhrəmanı Samid İmanov haqqında “Yüksəlişin sirri” adlı sənədli filminin hazırlanması” layihəsi çərçivəsində hazırlanıb.

QHT.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan polkovnik Mehman Kərimov bildirib ki, hərbi hissədə “Yüksəlişin sirri” sənədli filminin nümayiş etdirilməsi çox vacib bir hadisədir. 2016-cı ilin Aprel döyüşləri müasir tariximizin parlaq səhifəsidir. Aprel döyüşlərində xalqımızın vətənpərvər və igid oğulları böyük qəhrəmanlıq nümayiş etdiriblər. Gənclər Aprel döyüşlərində qəhrəmanlıq göstərən oğullarımızdan nümunə götürməli, xalqa, Vətənə, dövlətə sədaqətlə xidmət etməlidirlər.

Sonra “Yüksəlişin sirri” sənədli filmi nümayiş etdirilib.

Tədbirdə çıxış edən filmin məsləhətçisi hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı, Xalq artisti, Şöhrət ordenli Niyaməddin Musayev, Dünya Azərbaycanlıları Konqresinin vitse-prezidenti Xəzər Emin Azərbaycanın Milli Qəhrəmanı Samid İmanova həsr edilmiş filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür ediblər və filmin gənclərin hərbi- vətənpərvərlik ruhunda yetişməsinə böyük tövhə olacağı qeyd olunub. Çıxışlarda gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin vacibliyi və düşmən üzərində qələbəyə inam xüsusi vurğulanıb.

Sonda layihənin rəhbəri, “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının Məclis üzvü Akif Kərimov tədbirin keçirilməsinə verdiyi dəstəyə görə Müdafiə Nazirliyinə təşəkkür edib və belə filmlərin hərbi hissələrin şəxsi heyəti üçün təqdimatlarının döyüş ruhunun yüksəldilməsinə ciddi təsir edəcəyini bildirib. Tədbirdə Milli Qəhrəman Samid İmanovun atası Gülağa İmanov da iştirak edib.

Qeyd edib ki, “Yüksəlişin sirri” sənədli filmi Azərbaycanın Milli Qəhrəmanı Samid İmanovun qəhrəmanlığının gənclər arasında təbliğ edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Sonda polkovnik Mehman Kərimov həyata keçirilən layihəni yüksək qiymətləndirərək, filmin yaradıcı heyətinə və qonaqlara təşəkkürünü bildirib.