Xəbərlər

“Yeni Azərbaycan” qəzetinin redaksiyasında fransız yazıçısı Jerar Kardon ilə görüş olub.

"Kür - Xəzər" xeyriyyə ictimai birliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Fransız jurnalisti, yazıçısı, Beynəlxalq Reyn Dərnəyinin prezidenti, qadın və uşaq hüquqlarının müdafiəçisi Jerar Kardon və köməkçisi Fransua Nicolas “Yeni Azərbaycan” qəzetinin redaksiyasında olublar.

Səfər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan həqiqətləri Fransa mətbuatında” layihəsi çərçivəsində rallaşır.

Qonaqları salamlayan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Azərbaycan ilə Fransa dost və tərəfdaş ölkələrdir. Azərbaycan Prezidenti İlham Əliyevin Fransa ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirdiyini söyləyən millət vəkili ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni və humanitar sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini bildirib. Hikmət Babaoğlu iki ölkə mediası arasında qarşılıqlı əlaqələrin daha da gücləndirilməsinin əhəmiyyətinə toxunub.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin aktuallıq kəsb etdiyini və dünya mediasının gündəmində yer aldığını deyən Hikmət Babaoğlu Azərbaycanın problemin həlli istiqamətində qətiyyətli mövqeyindən bəhs edib. Diqqətə çatdırılıb ki, Ermənistan qeyri-konstruktiv mövqe sərgiləməklə danışıqlar prosesini pozmağa çalışır. ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın bu istiqamətdə fəallıq nümayiş etdirdiyini diqqətə çatdıran baş redaktor əlavə edib ki, Ermənistanın işğalçılıq siyasəti region üçün ciddi təhdid mənbəyidir.

Millət vəkili Hikmət Babaoğlu həmçinin xatırladıb ki, bu il iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində yaşayan mülki əhalinin atəşə tutulması nəticəsində kənd sakinləri - 2 yaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyeva (Allahverdiyeva) qətlə yetirilib. Bütün beynəlxalq ictimaiyyət tərəfindən də qətiyyətlə pislənilən bu hadisə erməni faşizminin, vandalizminin növbəti təsdiqidir. Baş redaktorun sözlərinə görə, insanlığa sığmayan bu hərəkəti Ermənistan hakimiyyətinin terrorçu mahiyyətini ifşa edir.

Jerar Kardon səmimi görüşə görə minnətdarlığını ifadə edib. Azərbaycanda olmaqdan məmnunluq duyduğunu diqqətə çatdıran Jerar Kardon bildirib ki, ölkəmizə səfərinin məqsədi Azərbaycan mədəniyyəti, adət-ənənələri, multikulturalizm və tolerantlıq mühiti ilə tanış olmaqla yanaşı, Azərbaycan qadınları haqqında kitab yazmaq niyyətini reallaşdırmaqdır. Jerar Kardon diqqətə çatdırıb ki, Azərbaycan qadınlarına həsr olunmuş əsəri iki hissədən ibarət roman şəklində yazmağı planlaşdırır. Birinci hissədə Azərbaycan qadınlarının həyatı, ailədə, cəmiyyətdə rolu, onların hüquqlarının qorunması işıqlandırılacaq, ikinci hissədə isə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində doğma yurdundan didərgin düşən, Xocalı faciəsi zamanı ermənilər tərəfindən yaxınları, ailə üzvləri qətl edilən, müsibətlərlə üzləşən qaçqın Azərbaycan qadınının taleyi yer alacaq.

Azərbaycanın böyük iqtisadi və hərbi potensiala sahib olduğunu deyən Jerar Kardon Dağlıq Qarabağ münaqişəsinin həllinin zəruriliyindən bəhs edib.

"Kür - Xəzər" xeyriyyə ictimai birliyinin sədri Akif Kərimov səfər çərçivəsində keçirilən və planlaşdırılan görüşlər haqqında məlumat verərək, səfərin əsas məqsədinin Azərbaycan həqiqətlərinin: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, qaçqın və məcburi köçkünlər ilə bağlı məsələlərin, Xocalı soyqırımının, Azərbaycanda multikulturalizm, tolerantlıq və birgə yaşayışın öyrənilməsi, Azərbaycanın sosial və iqtisadi inkişafı və digər məsələlər ilə bağlı vəziyyətin Fransa mətbuatında işıqlandırlmasından ibarət olduğunu bildirb.


Jerar Kardon ölkəmizə səfəri çərçivəsində Füzuli rayonunun Alxanlı kəndinə gedəcəyini, orada Zəhra Quliyevanın ailəsi ilə görüşəcəyini bildirib. Mülki şəxslərin, o cümlədən, körpələrin, yaşlı insanların qətlə yetirilməsinin insanlığa yaraşmayan hərəkət olduğunu bildirən J.Kardon faşizmin təzahürü olan bu kimi hadisələrin bir daha təkrarlanmaması üçün işğal faktının aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Kür-Xəzər Xeyriyyə İctimai Birliyi