Xəbərlər
“AZƏRBAYCANIN TƏBİİ ABİDƏLƏRİ” LAYİHƏSİ İCTİMAİYYƏT TƏRƏFİNDƏN BƏYƏNİLİR

Bakı, 13 noyabr (AZƏRTAC). “Kür-Xəzər” Xeyriyyə Cəmiyyəti Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmış “Azərbaycanın təbii abidələri” layihəsini geniş ictimaiyyətə təqdim etmişdir. Xeyriyyə cəmiyyətinin rəhbəri Akif Kərimov təqdimat mərasimində bildirmişdir ki, layihənin əsas məqsədi təbiət abidələrinin və obyektlərin mühafizə olunması və onların dünyada tanıdılmasıdır.
Qeyd edilmişdir ki, elə bu səbəbə görə, “Azərbaycanın təbii abidələri” kitabı Azərbaycan, ingilis və rus dillərində nəşr edilmiş, eyniadlı on dəqiqəlik sənədli film çəkilmiş, xüsusi İnternet-sayt yaradılmışdır. A.Kərimov məmnunluqla bildirmişdir ki, layihə ölkəmizin ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmışdır. O, Azərbaycan Prezidenti İlham Əliyevin qeyri-hökumət təşkilatlarına böyük diqqət yetirdiyini vurğulamış və bildirmişdir ki, şübhəsiz, belə qayğı Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasına müsbət təsir göstərir.
Bu maraqlı layihənin təqdimat mərasimində iştirak edənlər ölkəmizin təbii abidələri haqqında filmlə, internet-saytla və kitabla tanış olmaq imkanı əldə etmiş və öz fikirlərini mütəxəssislərlə bölüşmüşlər. Çıxış edənlər belə bir yekdil fikir söyləmişlər ki, Azərbaycanın ekoloji sisteminin qorunması və təbliği üzrə layihələr çox vacibdir. Buna görə də belə layihələr müntəzəm həyata keçirilməlidir.