Mətbuatda biz

Neftçala məktəbliləri “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” mövzusunda inşa yazıblar

Bakı, 27 noyabr, AZƏRTAC

Neftçala məktəbliləri arasında "Mən fəxr edirəm ki, azərbaycanlıyam!" mövzusunda inşa müsabiqəsi keçirilib.

İnşa müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Kür-Xəzər" Xeyriyyə İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənclər arasında azərbaycançılıq ideyasının təşviqinə dair tədbirlərin təşkili” layihəsi çərçivəsində reallaşıb.

Müsabiqədən əvvəl çıxış edən "Kür-Xəzər" Xeyriyyə İctimai Birliyinin sədri, Milli QHT Forumu idarə heyətinin və Respublika Ağsaqqallar Şurasının üzvü Akif Kərimov bildirib ki, layihə çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Texniki Kollecində, paytaxtdakı 32, 35, 72, 126 və 238 saylı orta məktəblərdə ziyalılarla tələbə və şagirdlərin görüşü təşkil edilib. Bundan əlavə, “Azərbaycançılıq - milli ideologiyamız” adlı bülleten nəşr olunub. O, müsabiqənin şagirdlərə əlavə stimul verəcəyinə inandığını bildirib.

Sonra Neftçala rayonundakı 20 məktəbi təmsil edən 40 şagird "Mən fəxr edirəm ki, azərbaycanlıyam!" mövzusunda inşa yazıblar.

Professorlar Əzizxan Tanrıverdi və Vaqif Qurbanov, yazıçı-publisist Tariyel Abbaslı və pedaqogika üzrə fəlsəfə doktoru Ənvər İmanovdan ibarət müsabiqə komissiyasının iştirakı ilə qaliblər müəyyənləşdirilib.

Müsabiqənin nəticələrinə əsasən, rayonun Xıllı qəsəbəsindəki Rafiq Gözəlov adına 1 saylı tam orta məktəbin X sinif şagirdi Raya Səfərova 1-ci yerə layiq görülüb. Аşağı Surra kənd tam оrtа məktəbin X sinif şagirdi Ayan Rzayeva 2-ci yeri, Cəngən kənd tam orta məktəbin IX sinif şagirdi Fatimə Ələkbərova isə 3-cü yeri tutub. İnşa müsabiqəsində daha çox bal toplayan digər 7 iştirakçı isə həvəsləndirici yerlərə layiq görülüblər.

Qaliblərə diplomlar, qiymətli hədiyyələr və müxtəlif kitablar təqdim edilib.