Mətbuatda biz

Yeni Azərbaycan Partiyası ən güclü və ən nüfuzlu siyasi təşkilatdır

Bakı, 21 noyabr, AZƏRTAC

Noyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 24-cü ildönümünə həsr edilmiş tədbir və “Azərbaycançılıq - milli ideologiyamız” mövzusunda ziyalılarla tələbələrin görüşü keçirilib.

Görüş Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənclər arasında azərbaycançılıq ideyasının təşviqinə dair tədbirlərin təşkili” layihəsi çərçivəsində reallaşdırılıb.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin ADPU-dakı abidəsi önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər. Daha sonra Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fotoşəkil və sənədlərlə tanış olublar.

Tədbir universitetdəki Heydər Əliyev Lektoriyasında professor Buludxan Xəlilovun moderatorluğu ilə davam etdirilib.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov son 24 ildə böyük və şərəfli yol keçmiş YAP-ın fəaliyyətindən danışıb.

Qeyd olunub ki, ötən müddətdə xalqımız həm YAP-ın yaradıcısı və qurucusu, ümummilli lider Heydər Əliyevin, həm də ulu öndərin müdrik dövlətçilik kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi altında həyatımızın bütün sahələrində böyük uğur və nailiyyətlər qazanıb. Bu gün öz sıralarında təxminən 700 minədək məsləkdaşı birləşdirən YAP ölkəmizin ən güclü və ən nüfuzlu siyasi təşkilatıdır.

C.Cəfərov YAP-ın öz fəaliyyətində gənclərin irəli çəkilmələrinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına xüsusi diqqət yetirdiyini bildirib.

Elm və təhsilin inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən biri elan edildiyini deyən C.Cəfərov diqqətə çatdırıb ki, ölkəmizdə təhsil islahatları keyfiyyətcə yeni mərhələyə daxil olub. Azərbaycanda təhsil sahəsində bir sıra layihələrin çox uğurla həyata keçirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva böyük xidmətlər göstərir.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, “Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri Akif Kərimov, professor Zahid Xəlil və digər çıxış edənlər Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışıblar. Bildirilib ki, bu inkişaf ilk növbədə ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir.

Çıxışlarda YAP-ın hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi önəm verdiyi qeyd olunub.