Azərbaycançılıq
MÜSTƏQİLLİYİMİZ XALQIMIZIN TARİXİ NAİLİYYƏTİDİR

Fərrux Məmmədov,
Bakı Texniki
Kollecinin direktoru
Xalqımız Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü möhtəşəm nailiyyətlərlə, dünyada analoqu olmayan uğurlu nəticələrlə qarşılayır. Müstəqil Azərbaycan dövləti yeni minilliyin başlanğıcında ulu öndərimizin ən layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu gələcəyə doğru inamla irəliləyir.
Bu gün Azərbaycan dünya miqyasında səciyyələndirilərkən, ilk növbədə sabitlik, sıçrayışlı inkişaf və demokratikləşmə ön plana çəkilir. Ölkəmiz sabit iqtisadiyyata və mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında getdikcə vacib rol oynayan bir dövlət kimi xarakterizə olunur. Cənubi Qafqazın lideri statusunu daşıyan ölkəmiz artıq mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyənləşdirən aparıcı rola malikdir və təsadüfi deyil ki, bölgəyə iqtisadi, siyasi maraq göstərən dünya dövlətləri, beynəlxalq təşkilatlar, ilk növbədə, Azərbaycanın mövqeyini nəzərə alır, onunla hesablaşırlar. Bütün bunlar bir daha ölkədə həyata keçirilən daxili və xarici siyasətin uğurlu olduğunu, onun praqmatizm üzərində qurulduğunu, milli maraqların müdafiəsinə yönəldiyini əyani surətdə təsdiqləyir.
Tam müstəqil siyasət yürüdən Azərbaycan dövləti beynəlxalq şəraitdən, maliyyə və iqtisadi böhrandan asılı olmayaraq dinamik və hərtərəfli inkişaf edir, öz siyasi, sosial-iqtisadi qüdrətini artırır, dünyadakı mövqelərini daim möhkəmləndirir. Azərbaycanın inkişaf istiqamətlərinin müxtəlif və bir-biri ilə sıx bağlı olduğunu önə çəkən Prezident İlham Əliyev deyib: "Güclü iqtisadiyyat, güclü sosial siyasət, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, qanunun aliliyinin bərqərar olunması, demokratiyanın inkişafı, siyasi islahatların aparılması və dərinləşməsi - bütün bunlar Azərbaycanı hərtərəfli inkişaf etdirmək üçün vacib amillərdir. Onların hamısı Azərbaycanda vardır və bütün istiqamətlərdə islahatlar aparılır... Bizim əməlimizlə sözümüz arasında heç bir fərq yoxdur. Biz müstəqil siyasət aparırıq, öz gücümüzə arxalanırıq, öz hesabımıza yaşayırıq".
Təsadüfi deyil ki, Azərbaycanın iqtisadi siyasətinin səmərəliliyi Qərbin ən nüfuzlu maliyyə və iqtisadi qurumları - Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Dünya İqtisadi Forumu tərəfindən də yüksək qiymətləndirilir və onların ənənəvi hesabatlarında öz geniş əksini tapır. Belə ki, Dünya İqtisadi Forumunun makroiqtisadi sabitlik, əmək bazarının səmərəliliyi, dövlət idarəetməsinin, infrastrukturun və maliyyə bazarının mükəmməllilik səviyyəsi və digər mühüm meyarlar əsasında son illər üçün hazırladığı "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan MDB məkanında birinci yerə yüksəlmişdir. Gerçəkləşdirilməsi inanılmaz görünən bu nailiyyətlər deməyə əsas verir ki, Heydər Əliyev mənəvi-siyasi irsinin ən layiqli davamçısı - dövlət başçısı İlham Əliyevin müəllifliyi ilə Azərbaycanın çağdaş tarixinin şanlı səhifələri yazılır. Təsadüfi deyildir ki, bəzi Qərb dövlətlərinin onilliklər boyu adlamış inkişaf yolunu qısa zamanda keçən müstəqil Azərbaycanın iqtisadi yüksəliş və demokratikləşmə sahəsində həlledici nailiyyətlərə imza atması dünyanın ən nüfuzlu politoloq və iqtisadçılarını belə heyran qoyub. Belə ki, Qərb dövlətlərinin bir neçə yüzillikdə keçdiyi inkişaf yolunu respublikamız çox qısa müddətdə başa vurmuş, siyasi mühitin liberallaşması və demokratikləşmə sahəsində həlledici uğurlara imza atmış, Avrastrukturlara inteqrasiya prosesinə inamlı addımlarla qədəm qoymuşdur. Cənab İlham Əliyev özünün praqmatik və rasional addımları ilə respublikada demokratik proseslərə yeni nəfəs vermiş, ölkənin iqtisadi resurslarının bu yöndə səfərbər olunmasına şərait yaratmışdır.
Qazanılan nailiyyətlər çox qısa bir zaman kəsiyində əldə olunsa da, bu günün müstəvisindən ötən əsrin 90-cı illərinin əvvəllərinə-müstəqilliyimizin ilk illərinə nəzər yetirəndə ötən müddətdə keçdiyimiz yolun bütün kəşməkeşləri, təzadları və həqiqətləri gözümüz önündə bir daha canlanır. Həmin dövrün tarixi gerçəkliyi odur ki, Azərbaycanda dövlət müstəqilliyi haqqında Konstitusiya aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, ölkəmiz yalnız müdrik dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin respublikamızda siyasi hakimiyyətə böyük qayıdışından sonra öz həqiqi müstəqilliyinə qovuşdu. O vaxta qədər Azərbaycan siyasi çəkişmələr burulğanında boğulurdu, ölkədə qarşıdurma son həddə çatmışdı. Siyasi hakimiyyətdə bir-birlərini əvəz edən səriştəsiz və naşı iqtidarların günahı üzündən ölkəmiz həm siyasi, həm sosial-iqtisadi, həm də mədəni sahələrdə dərin tənəzzülə uğrayırdı, Azərbaycanda vətəndaş müharibəsi qaçılmaz idi.
Hər bir xalqın taleyində böyük əhəmiyyət daşıyan elə tarixi günlər var ki, onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların təməli məhz həmin məqamda qoyulur. Taleyüklü tarixi hadisələrlə əlamətdar olan belə günlərdən Azərbaycan xalqı üçün ən önəmlisi 1993-cü ilin 15 iyun günüdür. Tariximizə Milli Qurtuluş günü kimi daxil olmuş 15 iyun böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan dahi şəxsiyyət - ulu öndər Heydər Əliyevdir. Həqiqətən də Milli Qurtuluş Azərbaycanın yeni mərhələdə milli dövlət quruculuğunun ideya əsası kimi çıxış edir. Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpa edilməsi və milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində atılan addımların qurtuluş məfkurəsinə istinad etməsi heç də təsadüfi deyil. Bu, Azərbaycanda 1990-cı illərin əvvəllərində yaranmış tarixi şəraitdə milli dövlət quruculuğunun üzləşdiyi spesifik xüsusiyyətlərlə və tarixi şərtlərlə bilavasitə əlaqədar idi.
Bütün bunlar müasir tariximizin ibrət dərsləridir və onlardan düzgün nəticə çıxarıb, gələcək nəsillərə çatdırmağa borcluyuq. Tarix özü təsdiqlədi ki, məhz ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycan dövləti və Azərbaycan xalqı başının üstünü almış bütün təhlükələrdən qurtuldu. Ulu öndərin işləyib hazırladığı müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycan dövlətinin uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoymuşdur.
Dövlət o vaxt güclü və yenilməz olur, qarşısına çıxan maneələri dəf edə bilir ki, onun rəhbəri ilə xalqı arasında birlik mövcud olsun. Məhz bu birlik və həmrəylik tarixin müxtəlif dönəmlərində ölkəmizin taleyində əvəzsiz rol oynayıb, xalqımızı başının üstünü almış bütün bəlalardan hifz edib qoruyub. Dünyanın ən dahi şəxsiyyətlərindən biri olan ulu öndərimiz Heydər Əliyevin bütün mənalı ömrü və fəaliyyəti doğma xalqına və Vətəninə sədaqətlə xidmətin parlaq nümunəsidir. Böyük qürur hissi və fəxrlə "Mən öz mənalı həyatımın düz 60 ilini xalqımızın bugünü və sabahı ilə yaşamışam ... Bu illərdə istər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib",-söyləyən ulu öndərimiz sözün ən yüksək mənasında xalqımızın müdrik və əvəzsiz lideri idi. Azərbaycan xalqının bu dahi və fədakar oğlunun bir sözü ilə, bir müraciəti ilə milyonlarla insan ayağa qalxır, öz rəhbərinin arxasınca gedir, ən çətin anlarda onun yanında olurdu. Təsadüfi deyil ki, müasir Azərbaycan tarixinin ən parlaq səhifələri, istər ötən əsrin 70-80-ci illərində, istərsə də müstəqillik dövründə respublikamızda cərəyan edən proseslər, əldə etdiyimiz uğurların hamısı birbaşa Heydər Əliyevin şəxsiyyətindən qaynaqlanır. Bu dahi şəxsiyyət Azərbaycanı qüdrətli bir dövlət, xalqını güclü bir millət kimi formalaşdırmaq kimi son dərəcə çətin bir missiyanı öz üzərinə götürüb və şərəflə yerinə yetirib.
Ulu öndərimizin bəşəri əhəmiyyətli iki tarixi xidmətinin üzərində xüsusi dayanmaq istərdim. Onun biri dünya miqyasında nəhəng dövlətlərin Azərbaycanla bağladığı neft kontraktlarıdır. "Əsrin müqaviləsi" adlanan bu möhtəşəm kontraktlar Xəzərin Azərbaycana məxsus hissəsindəki zəngin təbii sərvətlərin birgə işlədilməsini nəzərdə tuturdu və iqtisadi müstəqilliyimizin təməl daşına çevrilərək, ölkəmizin dünyanın geosiyasi güc mərkəzlərindən biri kimi qəbul olunmasına yol açdı. Təbii ki, Azərbaycanın iqtisadi qüdrətinin artmasında neft və qaz kimi təbii sərvətlərimizin, ondan ölkəmizin və xalqımızın mənafeyinə uyğun düzgün istifadə olunması mühüm rol oynayır. Ümummilli liderimiz Heydər Əliyevin müdrikcəsinə və uzaqgörənliklə işləyib hazırladığı, mərhələ-mərhələ reallaşdırdığı milli neft strategiyası ötən əsrin ortalarından başlayaraq Azərbaycanın uzunmüddətli uğurlu inkişaf epoxasının təməlini qoyub. "Əsrin müqaviləsi"nin imzalanması ilə dünyada ilk dəfə olaraq nəhəng transmilli konsorsium yaradılıb və ölkəmizin sayəsində Xəzər dənizi beynəlxalq əməkdaşlıq məkanı kimi tanınıb. Bu müqavilə ölkəmizin geosiyasi mövqelərini möhkəmləndirməklə yanaşı, iqtisadiyyatımızın, xüsusən də qeyri-neft sektorunun sürətli inkişafına və əhalinin sosial rifahının yaxşılaşdırılmasına güclü təkan verib. Bu dövrdə neft-qaz sektoruna milyardlarla dollar sərmayə cəlb olunub, "Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli Strategiya" qəbul edilib. Təbii qaz ehtiyatları 1,2 trilyon kubmetrdən çox olan "Şahdəniz" qaz yatağının istismara verilməsi ilə Azərbaycan nəinki özünün daxili təlabatını ödəmək imkanı qazanıb, üstəlik böyük həcmdə qaz ixracatçısına çevrilib. Heydər Əliyevin ikinci mühüm xidməti isə qədim İpək Yolunun bərpasıdır. Bu qüdrətli şəxsiyyət İpək Yolunun bərpasını reallaşdırmaqla qarşısında həm tarixi ənənələri yaşatmaq, həm də Azərbaycanın strateji mövqeyini daha da gücləndirmək məqsədi qoymuşdu. İndi bu qlobal, dünyamiqyaslı layihələrin bəhrəsindən yalnız xalqımız deyil, bütün dünya bəhrələnir.
Ulu öndərimizin müstəqil Azərbaycanın prezidenti kimi on illik fəaliyyəti özünün əzəmətli ifadəsini öncə ölkəmizin və xalqımızın nicata qovuşmasında, geniş mənada isə müasir dövlət quruculuğu siyasətinin həyatımızın bütün sahə və istiqamətlərini əhatə etməsində, heç kimdən və heç bir ölkədən asılı olmayan, müstəqil siyasət yürüdən qüdrətli Azərbaycanın təşəkkülündə, zamanın yeni çağırışlarının müvəffəqiyyətlə həll edilməsində tapır. Heydər Əliyev canından çox sevdiyi xalqına möhkəm dövlətçilik təsisatlarına malik, demokratik və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müasir, müstəqil Azərbaycan bəxş etdi. Bu gün təkcə xalqımız deyil, həm də dünya şöhrətli siyasətçilər, tarixçilər və politoloqlar ulu öndərimiz Heydər Əliyevi müasir, müstəqil Azərbaycan dövlətinin həqiqi memarı və yaradıcısı sayır. Eraların, minilliklərin qovuşuğunda Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq, müstəqil bir dövlət kimi formalaşması ulu öndərimizin titanik siyasi fəaliyyətinin nəticəsidir.
Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik qarşısında mühüm xidmətlərindən biri də modernləşmə yönümündə demokratik və hüquqi islahatların həyata keçirilməsidir. Bütün səylərini səfərbər edərək dövlət müstəqilliyimizi möhkəmləndirən böyük strateq Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti ideyasının təkamül yolu ilə reallaşdırılması istiqamətində ardıcıl islahatlar həyata keçirmişdir. Ulu öndər hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü nitqlərində vurğulamış, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm surətdə artırılmasının əsas təşəbbüskarı kimi çıxış etmişdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanan, dünyada mövcud olan ən mütərəqqi hüquq normalarını özündə əks etdirən müstəqil Azərbaycanın ilk Konstitusiyasının 1995-ci ilin 12 noyabrında ümumxalq referendumu ilə qəbul olunması respublikamızın gələcək inkişaf prioritetlərini müəyyənləşdirmiş, iqtisadi, siyasi və hüquqi islahatların bazisinə çevrilmişdir. Əsas Qanunda xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, dövlətin demokratik, hüquqi və dünyəviliyi, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkil olunmasının təməl prinsipləri təsbit olunmuş, insan hüquq və azadlıqlarının təmini ali məqsəd kimi önə çəkilmişdir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir.